Bu gün 18 iyun 1992-ci ildə Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qəbri ailə üzvləri və batalyonunun bir qrup əsgərləri, o cümlədən yaxınları tərəfindən ziyarət edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Şirin Mirzəyevin döyüşçüsü olmuş Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib.
Onun bildirdiyinə görə, tədbirdə Şirin Mirzəyevin ən yaxın silahdaşı Fəxrəddin Rəcəbov, Telman Bağırov və digərləri çıxış edib, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan, onun Azərbaycanda ordu quruculuğundakı misilsiz xidmətlərindən danışıblar, onun komandir kimi insani keyfiyyətlərindən, peşəkar bacarıqlarından söz açıblar. Daha sonra söz Şirin Mirzəyevin xanımı, keçmiş millət vəkili Flora Qasımovaya verilib. O, çıxışı zamanı ilk olaraq tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib.
Hər il komandirlərinin qəbrini ziyarətə gələn keçmiş döyüşçülər bildiriblər ki, bundan əvvəlki illər hər gəlişlərində böyük narahatlıq hissi keçiriblər. Çünki həmin illər ərzində torpaqlarımız hələ də işğal altında idi və şəhidlərin ruhu narahat idi: “Lakin artıq 4-cü ildir ki, torpaqlarımız işğaldan azad olunub. Həm Şirin Mirzəyevin, həm də digər döyüşçülərin, şəhidlərin məzarlarını rahatlıqla ziyarət edə bilirik. Buna görə də şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə minnətdarlığımızı bildiririk”, - Rey Kərimoğlu deyib.
Tədbirdə həmçinin YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev də iştirak edib. 44 günlük Vətən müharibəsində qazi olan Taleh müəllim çıxışı zamanı şəhidlik zirvəsindən, dövlətimizin şəhid və qazi ailələrinə diqqət və qayğısından geniş danışıb.
Xatırladaq ki, Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində anadan olmuşdur. 1965-ci ildə Xankəndindəki 4 nömrəli beynəlmiləl orta məktəbi bitirmişdir. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlamış, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilmişdir. 1971-ci ildə həmin ali məktəbi bitirərək 20 il SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət etmişdir. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi almışdır. 1991-ci ilin əvvələrində sovet ordusunda xidmətdən imtina etmişdir.
1991-ci ildə o, Ağdama gələrək Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan 836 saylı Ağdam Ərazi Özününmüdafiə alayını yaratmışdır.
Polkovnik - leytenant Şirin Mirzəyevin yaratdığı alay Ağdam rayonunun kəndlərini müdafiə etməklə yanaşı, 1992-ci ilin fevral ayının 8-də Əsgəran rayonunun Fərrux kəndini, həmin ilin mart ayının 4-də Ağdərə rayonunun Qazançı kəndini, may ayın 10-da Əsgəran rayonunun Naxçıvannik, Pircamal, Dəhraz və Ağbulaq kəndlərini, iyun ayının 12-də Ağdərə rayonunun Qazançı, Bəşirlər, Qaraşlar, Sırxavənd və Ballıqaya kəndlərini erməni işğalçılarından azad etmişdir.
Polkovnik - leytenan Şirin Mirzəyev 18 iyun 1992-ci ildə xidməti maşınında Ağdam rayonunun Əliağalı kəndində minaya düşərək həlak olmuşdur.
QEYD: Şirin Mirzəyevlə bərabər 708 saylı briqadanın tank taborunun komandiri baş leytenant Qahir Hüseynov, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayev, Mübariz və Araz Mirzəyev (hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olub.
QAZİLER.AZ