18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür backend

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür.

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden  Azərbaycan Respublikasında insan hüquqları sahəsində həyata keçirilən tədbirlərə bir daha nəzər salır.

Müxtəlif inkişaf mərhələlərindən keçən bəşər sivilizasiyasının qazandığı ən böyük nailiyyətlərdən biri də insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarının qorunması, ona hörmət isə cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Dünya birliyində özünə layiq yer tutmaq istəyən hər bir demokratik dövlət insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. Azərbaycan bu mühiti yaratmağı bacaran ölkələrdən biridir.

Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Humanist addımları ilə hər zaman dünya ölkələrinə nümunə olan Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, ölüm cəzası ləğv edilib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Diaspora