Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biridir və Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu il müvafiq tarix Miladi təqvimlə iyunun 16-na təsadüf edib. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır
Bu gün ölkəmizdəki bütün məscidlərdə bayram namazı qılınır. Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı 147 ünvanda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.
Müqəddəs Qurban bayramı özündə səxavət, halallıq və alicənablıq kimi keyfiyyətləri birləşdirir. Qurban müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanılması məsləhət görülür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd edilir. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Xalqımız artıq dördüncü ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən ərazilərimizdə də qeyd olunur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsiləcək. Bu gün Qarabağda məscidlər bərpa edilir, minarələrdən azan səsi ucalır. Bu, ölkəmizin bütün vətəndaşlarında böyük qürur hissi doğurur.
Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar. Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır. Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur”.
Qurban bayramınız mübarək olsun!