MTN əməliyyat keçirdi: 42 VƏHHABİ SAXLANDI

MTN əməliyyat keçirdi: 42 VƏHHABİ SAXLANDI backend

Ehsan Zahidov: "Yaxın saatlarda rəsmi məlumat yayılacaq" Dünən gecə Bakının Yasamal rayonunda xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində radikal islamçılarla bağlı olmaqda şübhəli bilinən 42 nəfər saxlanılıb.

Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, MTN tərəfindən saxlanılan radikallar daha sonra polisə təhvil verilib.

Məlum olub ki, xüsusi xidmət əməkdaşları M.Seydiov küçəsi, 13 ünvanında yerləşən və Fərzəliyev adlı birinə məxsus olan “Farklı Lahmacun” adlı kafe-çayxanada əməliyyat keçiriblər. Həmin vaxt kafedə 40-dan çox adam olub və onlar dini xarakterli tədbir keçirirmiş. Toplaşanlar arasında yetkinlik yaşına çatmayan iki şəxs də olub.

Saxlanılanların Yasamal Rayon Polis İdarəsinə təhvil verildiyi bildirilir. Kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2 maddəsi üzrə cinayət işi qaldırılıb. Hələlik onlardan üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur.

Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədiyi araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a açıqlamasında, bir qrup dindarın saxlanıldığını bildirib. E. Zahidov yaxın saatlarda nazirliyin məsələ ilə bağlı rəsmi məlumat yayacağını qeyd edib.