Əmi, bibi, xala uşaqlarının nikahlarına qadağa qoyulması doğru addımdır, amma bunun birdən-birə qarşısını kəskin şəkildə almağı real hesab etmirəm.
Apa xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu, bizim ənənədir: “Bizim Kitabi-Dədə Qorqud dastanımız var. Biz köklərimizə istinad ediriksə, köklərimizdən birdən-birə imtina edə bilmərik. Təbliğat vasitəsilə camaatı bu ənənədən uzaqlaşdıra bilərik. Birdən-birə biz onlara bu qaydaları tətbiq edə bilmərik”.
Siyavuş Novruzov dini nikahlarla bağlı məsələyə də toxunub: “Dünyanın hər yerində bütün krallar nikaha girəndə birinci kilsəyə gedir, uşaq doğulur, birinci kilsəyə gedir. Guya biz hamıdan qabağa düşürük?! Dini nikah Allahın razılığıdır. Birinci Allah razı olmalıdır, dini nikah bağlanmalıdır, sonra rəsmi nikah”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.