“Son günlər yenə Qarabağ qazisinin intihar xəbəri yayıldı. Bu cəmiyyət olaraq, hər birimizi üzdü, həm də çox narahat etdi”.
Bunu saytımıza “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev hadisə ilə bağlı şərhində deyib. O, “Qaziler.az”a açıqlamasında bildirdi ki, qazilərin intihar halları ilə bağlı konkret işlər görülməlidir.
“Biz artıq intharların sayını itirmişik. Bu haldan çox narahatıq. İntihar edib vəfat etmiş bütün qazilərə Allahdan rəhmət diləyirik, xəsarət alanlara isə şəfa diləyirik. “Qarabağ qaziləri” ictimai birliyi olaraq, bütün hallarda biz intiharların əleyhinəyik. Yəni heç bir halda intihar etmək problemdən çıxış yolu deyil. Eyni zamanda onu da xüsusilə qeyd edək ki, vaxtilə "Qarabağ əlillər" cəmiyyəti, 2001-ci ildən isə “Qarabağ qaziləri” birliyi olaraq, biz bu intiharlarla bağlı zaman-zaman müvafiq dövlət orqanlarına, dövlət başçısına müraciətlər etmişik. Çox narahatedici məqamdır, çox kədərli və faciəvi hadisədir. Vətən uğrunda canını əsirgəməyən bir qəhrəman döyüşçümüzün istər psixoloji, istərsə də sosial-maddi problemlərinə görə intihar etməsi həqiqətən də faciədir. Biz bu faciələrdən üzülürük, narahat oluruq. Dövlət orqanlarından xahiş edirik ki, qazi intiharlarının qarşısını almaq üçün konkret tədbirlər görsünlər”.
Birliyin sədri qazilərin problemlərinin həll edilməməsində adı keçən və onların intiharına səbəb kimi göstərilən müxtəlif dövlət orqanlarının ciddi araşdırılmasını tələb edib.
“Qazilərin problemlərinin həlli ilə bağlı “Qarabağ qaziləri” birliyi olaraq dəfələrlə dövlət başçısına, müvafiq nazirliklərə, dövlət qurumlarına müraciətlər etmişik. Amma təəssüflər olsun ki, bu problemlərin bəziləri həll olunsa da, bir çoxu həll edilməmiş qalıb. Bu da intihar hallarının durmadan artmasına gətirib çıxarıb. Digər tərəfdən biz təəssüflə qeyd edirik ki, bu qədər intihar halları baş verib və əksəriyyəti də icra hakimiyyətlərinin və digər dövlət orqanlarının qarşısında olub, konkret səbəbkarlar var, amma heç birinə qarşı cinayət işi qaldırılmayıb. Yəni insan intihar edib, özünü öldürüb, yandırıb, amma heç biri ilə bağlı cinayət işi açılmayıb, kimsə cəzalandırılmayıb. Və bu bizi üzür, bundan təəssüflənirik.
Bildiyimiz ki, Azərbaycan Respublikasının Cinayət məcəlləsində özünü öldürmə həddinə çatdırmaq maddəsi var. Bəlkə də qazilərin baş verən intihar halları ilə bağlı cinayət işləri qaldırılıb, araşdırma başladılıb, amma cəmiyyət bundan məlumatsızdır. Lakin bu həm də onu düşünməyə əsas verir ki, cinayət işi qaldırılmadığı üçün bu haqda heç bir yerdə rəsmi məlumat yoxdur.
Ona görə də dövlət başçısından, müvafiq dövlət qurumlarından xahiş edirik, bu intiharların səbəbləri ciddi şəkildə araşdırılsın, günahkarlar cəzalandırılsın. Gələcəkdə qazi intiharları təkrarlanmasın, bir qazinin etiraz səsi hər kəsi narahat etsin, probleminin həlli üçün çalışılsın. Qarabağ qaziləri və birliyi olaraq, biz bundan çox narahatıq”.
QAZİLER.AZ