Ölkə Prezidentinin Fərman və Sərəncamlarına əsasən, 2018-2024-cü illərdə icra olunan sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, sosial təminat sisteminin əhatəliliyi də genişlənib.
Əmək bə Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, həmin illərdə 10 yeni sosial ödəniş növü (o cümlədən, müharibə veteranları, Vətən Müharibəsi Qəhrəmanları, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlər, işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorları üçün Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa və himayəyə götürən şəxslər üçün aylıq müavinət və s.) təsis edilib.
Qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü və aylıq müavinətlə təmin olunanların sayı 402 min nəfər və ya iki dəfəyə yaxın artaraq 847 min nəfərə, o cümlədən:
- Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 337 min nəfər və ya 6,6 dəfə artaraq 397 min nəfərə,
- aylıq müavinətlə təmin edilənlərin sayı 65 min nəfər və ya 17 faiz artaraq 450 min nəfərə çatıb.
Müavinət və təqaüd ödənişlərində isə həmin dövrdə 5 dəfə artım baş verib.