Bu gün Fərizənin İlhamının doğum günüdür - ANIM

Bu gün Fərizənin İlhamının doğum günüdür -  ANIM backend

Əslində onların adını tək çəkmək olmur...Onlar xalqımızın yaddaşına qoşa düşüblər. Qoşa ürək, qoşa qanad kimi...

Axı 20 yanvar şəhidləri İlham və Fərizəni bir-birindən necə ayırasan?! Doğumları fərqli olsa da, həyat birləşdirdi onları, ölümləri də bir oldu!

Bu gün o qoşa qanaddan birinin - İlham Allahverdiyevin doğum günüdür. Əslində Fərizənin İhamının doğum günüdür! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlham Əjdər oğlu Allahverdiyev. 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur.
Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.

Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.

1989-cu il iyunun 30-da toyları olmuşdu. Toyun səsi hələ qulaqlarından getməmişdi. Cəmi 6 ay vüsal şirinliyini dadmışdılar.

O qanlı yanvar gecəsində atışma eşidiləndə İlham da küçəyə çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Qoşunlar şəhərə girən vaxt - saat 00:30 dəqiqədə yaralanıb. Respublika klinik xəstəxanasına aparılıb. Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb.

Xəstəxananın işığı keçirildiyindən kağız işığında, kibrit işığında əməliyyat aparılıb. Bundan sonra cəmi 30 dəqiqə yaşayıb. Axırıncı sözü bu olub: - “Anama heç nə deməyin!”.

Fərizə isə gözləyirdi. Bir saat, iki saat, üç saat... Zülmət gecənin qaranlığına baxmaq əldən salmışdı onu. Səhərə kimi ilan vuran yatmışdı, Fərizə yox.

O qanlı yanvar səhəri eşitdi bu xəbəri. Gözləri qaraldı. Evdəkilərin gözündən yayınıb üstünə neft tökdü. Son anda kibriti əlindən aldılar. Hər addımını izləməyə başladılar. Bir gün sonra yanvarın 21-də səhər erkən durub İlhamın böyük qardaşı Eldarın toppuş oğlu Əjdərin yatağına doğru gedib, uşağın yorğanını düzəldib. Bir xeyli beləcə durub Əjdərin təbəssüm dolu sifətinə baxıb. Nə düşünüb, görən bu an Fərizə?.. Öz bədbəxt taleyinimi, İlhamın faciəli ölümünümü?! Yoxsa gələcək körpəsinimi?!

Gözü yaşlı o biri otağa keçir. Toy şəkillərini stolun üstünə tökür. Baxır, baxır, sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: “Mən onsuz yaşaya bilmərəm. Siz məni...” Sözlər burada qırılır. Sonra isə ölüm stəkanını başına çəkir. Bu vaxt saatın əqrəbi 6-nın üstündə idi.

Bugünkü günümüzün Leyli sevgisini, Leyli sədaqətini, Leyli ucalığını görmək istəyənlər
Şəhidlər xiyabanına getsin. Bir qoşa məhəbbətin qoşa zirvəsi uyuyur o torpaqda.

Mənbə: İlham və Fərizə wikipedia.org

QAZİLER.AZ

Diaspora