Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dünən Suraxanı rayonunda sudan kütləvi zəhərlənmənin səbəbini açıqlayıb. Lent.az-ın report-a istinadən xəbərinə görə, Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb və lokal xarakterli olub, başqa ərazilərdə qeydə alınmayıb:
"Dövlət Sanitariya Xidməti orqanı və Səhiyyə Nazirliyi "Azərsu" ASC-nin işçiləri ilə birlikdə ərazidə olan xətlərə baxış keçirib. Həmin gün içməli suyun tərkibində normadan kənara çıxma halları müşahidə olunub. Suyun həm bakterioloji, həm də kimyəvi göstəriciləri var.Təbii ki, kimyəvi göstəricilər də standartlara cavab verməlidir. Həmin gün də suyun tərkibində bu maddədən kənara çıxma halları baş verdiyinə görə insanlarda narahatlıq yaradıb. Yoxlama zamanı həmin ərazidən su nümunələri götürülüb. Bütün göstəricilər norma daxilindədir. Hazırda əraziyə verilən suda heç bir problem yoxdur".
Şöbə müdiri, hadisə zamanı 70-ə yaxın şəxsin zərər çəkməsi ilə bağlı səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib: "Bir neçə nəfərdə mədə-bağırsaq pozuntusu baş verib. Həmin şəxslərin vəziyyəti də hazırda stabildir".