Bakıda kütləvi zəhərlənmə: 15 nəfər xəstəxanaya aparıldı

Bakıda kütləvi zəhərlənmə: 15 nəfər xəstəxanaya aparıldı backend

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayonun Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında ötən gündən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumilikdə 70-ə yaxın adam zəhərlənib ki, onların da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Sakinlərin sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir. Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub.

Loğman Şükürov: "Hal-hazırda mənim iki uşağım zəhərləndiyinə görə xəstəxanadadır. Vəziyyətləri də yaxşı deyil".

Baba Möhlətov: "Uşaqda qarın ağrısı var idi. Apardıq həkimə, müalicə olundu. Qan analizi verəndə dedilər ki, dəqiq səbəbi bilinəcək. Hazırda vəziyyəti normaldır".

İlham Mirzəyev: "Bütün həkimlər tökülmüşdü bura. Təcili yardım maşınının əlindən tərpənmək olmurdu. Hamını aparıb-gətirirdilər. Bu dəqiqə gedin, 5 nömrəli xəstəxana doludur".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ümumilikdə 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.