Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan Eldarov Rasim Səfər oğlunun meyitinin qalıqları ailəsinə təhvil verilib.
Apa-nin Şirvan bürosu xəbər verir ki, şəhidin nəşinin qalıqları Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndinə gətrilib, ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, qazilər, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin nəşinin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Eldarov Rasim Səfər oğlu 1968-ci ilin iyulun 17-də Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində doğulub.
1992-ci ildən Birinci Qarabağ müharibəsində iştirak edib.
Onun Füzuli rayonunun Kürdmahmudlu kəndində naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.