İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalın əsas məqsədi ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
İyunun 8-i və 9-da səhər saatlarında (saat 5:00-8:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssürat vəd edir.
Hava şarlarında turistik uçuşlar hələ ki həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.
Xatırladaq ki, Şamaxıda ilk Hava Şarları Festivalı ötən ilin iyununda keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.