Laçında 1 iyun gününə həsr olunmuş idman tədbiri keçirilib - VİDEO

Laçında 1 iyun gününə həsr olunmuş idman tədbiri keçirilib - VİDEO backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə Xüsusi nümayəndəliyi, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası birlikdə Laçın şəhərində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kütləvi idman tədbiri təşkil ediblər. Hazırda Laçın rayonunda fəaliyyət göstərən iki təhsil müəssisəsinin – şəhər 2 saylı və Zabux kənd tam orta məktəblərinin komandaları arasında mini-futbol oyunu keçirilib. Laçına qayıdışın başlanmasının birinci ildönümünə təsadüf edən tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, məktəblilər, valideynlər, ictimai fəallar iştirak ediblər.

Qaziler.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması uğrunda canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər arasında təbliğat-təşviqat işlərinin aparılması, doğma yurda geri dönən ailələrdən olan uşaqların idmana marağının artırılması məqsədi daşıyan tədbirin aşılış mərasimində qeyd edilib ki, gənc nəslin mənəvi və fiziki cəhətdən sağlam böyüməsinə hərtərəfli dəstək verilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu sahəyə xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verir.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Laçın rayonunda aparılan bərpa-quruculuq işləri geri qayıdan sakinlər üçün yüksək səviyyədə yaşayış şəraitinin təmin olunmasına yönəlib. Onların bədən tərbiyəsi və idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün də imkanlar yaradılır. Şəhərdə və yenidən salınan yaşayış məntəqələrində müasir tələblərə cavab verən idman qurğuları inşa edilib və istifadəyə verilib. Uşaqlar və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olmağa həvəsləndirilirlər. M.Məmmədov laçınlıların öz ata-baba yurdlarına qayıdışının getdikcə daha geniş miqyas aldığını, ölkə rəhbərliyinin bununla bağlı məsələləri daim diqqətə saxladığını vurğulayıb. O, rayonun özünməxsus idman ənənlərinin olduğunu, laçınlı uşaq və gənclərin Azərbaycan idmanının inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib, hazırda rayonda fəaliyyət göstərən iki məktəbin komandaları arasında keçiriləcək mini-futbol oyununun iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Azərbaycan futbolunun veteranı Asim Xudiyev, Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova, Zabux kəndinin sakini İlham Əliyev çıxış edərək, Laçına və işğaldan azad edilmiş digər ərazilərə Böyük Qayıdışın başlanmasının xalqımıza böyük sevinc bəxş etdiyini bildirib, doğma yurda geri dönən insanların yeni yaşayış mühitinə uyğunlaşması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayıb, bu baxımdan, yerlərdə idman yarışlarının təşkilinin əhəmiyyətli olduğunu bildiriblər.

Oyun başlanmazdan əvvəl hər iki məktəbdən, ümumilikdə 70-dən çox şagirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən, hədiyyə olaraq, futbol topu, geyimi və ayaqqabısı hədiyyə edilib. Maraqlı keçən oyunda Laçın şəhər 2 saylı tam orta məktəbin komandası 2:1 hesabı ilə qalib gəlib.

Axırda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

Diaspora