AzTV sədri qohumunu işdən çıxardı

AzTV sədri qohumunu işdən çıxardı backend

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti bir neçə əməkdaşı ilə yollarını ayırıb.

AzTV-dəki mənbədən Konkret.az-a daxil olan məlumata görə, telekanalla yollarını ayıranlardan biri Texniki İstehsalat Birliyinin direktor müavini Xəlil Məmmədov, digəri isə Material-Texniki Təchizat Departamentinin rəhbəri Emin Nağıyevdir.

Mənbənin sözlərinə görə, Xəlil Məmmədovun işdən ayrılmasının səbəbi təqaüd yaşı ilə əlaqədar olsa da, Emin Nağıyevin hansı səbəbdən işdən çıxdığı məlum deyil.

Qeyd edək ki, mediada dəfələrlə yazıldığı kimi, Xəlil Məmmədov "AzTV" QSC-nin sədri Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Emin Nağıyevin isə "AzTV" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Natəvan Osmanlının əri olduğu deyilir.

Sözügedən kanalın Sosial Media və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Rüfət Seyidov açıqlamasında bildirib ki, kadr dəyişiklikləri QSC-nin daxili işi hesab olunduğundan bu barədə geniş açıqlamaya ehtiyac görmür.

"Amma Xəlil Məmmədova gəldikdə, sizin məlumatınız doğrudur. O, həqiqətən, təqaüd yaşı ilə əlaqədar işdən ayrılıb. Ümumiyyətlə isə, AzTV-dən ayrılan əməkdaşlar özləri könüllü şəkildə ərizələrini yazıb işdən çıxırlar, yaxud bu, əməkdaşın faydalı iş əmsalının aşağı olması səbəbindən baş verir", - deyə AZTV sözçüsü əlavə edib.

Qeyd edək ki, AzTV-nin rəsmi saytında indiyədək iki departamentə - maliyyə və mühasibat uçotu və material-texniki təchizat departamentlərinə kimlərin rəhbərlik etmələrinə dair məlumat yoxdur.

Diaspora