Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Oxu.Az yeni təhsil nazirinin dosyesini təqdim edir:
Elxan Tarqulu oğlu Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub.
E.Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub.
Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.
Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.
O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib.
2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib.
E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir.
O, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə məhsuldar iş fəaliyyəti nümayiş etdirib.
Qısa müddət ərzində Azərbaycanın Respublikasının bütün rayonlarında Təhsil şöbələrinin əməkdaşları və metodistləri ilə yerində görüşlər keçirib. Əldə olunan məlumat və təhlillər əsasında Metodik kabinet əməkdaşlarının elektron bazasını formalaşdırıb.
Metodistlərin və müəllimlərin peşəkar bacarıqlarını artırmaq, həmçinin gənc müəllimlərdə metodiki bacarıqları inkişaf etdirmək məqsədilə proqramların və elektron resursların hazırlanmasında, müxtəlif təlimlərin təşkilində bilavasitə iştirak edib.
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.
TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir.
O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.