Əfv sərəncamının icrasına başlanılır

Əfv sərəncamının icrasına başlanılır backend

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlayıb.

QAZÌLER.AZ  Trend-e istinaden xəbər verir ki, Sərəncamın icrası Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində və Probasiya Xidmətində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Ədliyyə Nazirliyinin nümayəndələri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə sənədləri təqdim edirlər.

Xatırladaq ki, Sərəncama əsasən 154 məhkum əfv olunub, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, Sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib. Onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır.

Diaspora