Tanınmış qazinin 32 il əvvəl dedikləri: "Vaxt gələcək hər şey yaxşı olacaq!" - VİDEO

Tanınmış qazinin 32 il əvvəl dedikləri:  "Vaxt gələcək hər şey yaxşı olacaq!" - VİDEO backend

Bu günlərdə ArxivTV Birinci Qarabağ müharibəsindən çəkilmiş maraqlı video yayımlayıb. Kadrlar Azərbaycanın ən ağır vaxtlarına, torpaqlarımızın, rayonlarımızın bir-birinin ardınca işğal olunduğu dövrə təsadüf edir. Buna baxmayaraq ölümlə üz-üzə qalan əsgərlərimiz ruhdan düşməyib, işğalçıları məhv edəcəklərinə, onları torpaqlarımızdan qovacaqlarına inanırlar.

Bu video 1992-ci ilin yayında, Ağdamda, Şahbulaqda Azərbaycanın Milli Qəhrəmanı, polkovnik - leytenant Şirin Mirzəyevin yaratdığı alayın (836 saylı - red.) növbəti sıra düzülüşündən çəkilib. Onların sıralarında Azərbaycanın tanınmış döyüşçüləri var. Onlardan bir çoxu şəhid, bir qismi qazi olub.

Qaziler.az videodakı kadrda görünən döyüşçülərdən biri, qazi Rey Kərimoğlu ilə əlaqə saxlayıb. 32 il əvvəl çəkilən bu görüntülərdə: "VAXT GƏLƏCƏK HƏR ŞEY YAXŞI OLACAQ, QƏLƏBƏ DƏ OLACAQ. ERMƏNİNİ QOVUB ÇIXARACAYIQ TORPAQLARIMIZDAN" deyən R.Kərimoğlu videonun tarixçəsini danışıb: 

"Bu video çəkiləndə Şirin Mirzəyev, Allahverdi Bağırov artıq həlak olmuşdular. Şuşa, Laçın və neçə-neçə kəndlərimiz işğal olunmuşdu. Çox ağır vaxtlar idi. İnsanlarda ruh düşkünlüyü vardı. Azərbaycanın sabahı qaranlıq idi. Çox gərgin zaman yaşayırdıq. Videoda göründüyü kimi mən də uşaqlara ruh verməyə çalışırdım.

Bu kadrları döyüşçü yoldaşımız, hərbi operator Şakir Məmmədov çəkib, "ArxivTV" yayımlayıb. Şakir Məmmədov Qarabağ müharibəsinin Ağdam istiqamətində çəkilmiş çox vacib döyüş kadrlarının müəllifididir. Belə video-kadrlar o qədərdir ki..."

Və Rey Kərimoğlunun 32 il əvvəl döyüşçü yoldaşlarını ruhlandırmaq üçün dediyi sözlər həqiqətə çevrildi. Bu gün Azərbaycanın əbədi və əzəli torpağı olan, Qarabağ öz sahiblərini qarşılayır. 30 ildən çox öz dədə-baba torpaqlarına həsrət qalan ürəklər artıq doğma Vətənə qovuşma sevinci ilə döyünür. Ermənilərin dağıdıb viran qoyduğu yerlərimiz artıq lazəzara çevrilir. 

ÜRƏKLƏR SEVİNCLƏ DÖYÜNSÜN DEYƏ CANINI VƏTƏN UĞRUNDA FƏDA ETMƏKLƏ ANALARINI BALASIZ, BALALARINI ATASIZ QOYAN ŞƏHİDLƏRİMİZİN MƏKANI CƏNNƏT OLSUN!

ALLAH QAZİLƏRİMİZƏ CAN SAĞLIĞI VERSİN!

QAZİLER.AZ

Diaspora