Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnovasiyalar Mərkəzi (DOST RİM) “Acquisition International” beynəlxalq korporasiyasının (Böyük Britaniya) təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi olub. ( https://www.acquisition-international.com/winners/dost-digital-innovations-center/ )
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DOST RİM müsabiqəyə ötənilki fəaliyyəti nəticəsində əldə etdiyi rəqəmsal nailiyyətlər barədə məlumatı təqdim edib.
Bu rəqəmsal uğurlar müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və DOST RİM həmin beynəlxalq korporasiyanın “Biznes Mükəmməlliyi” mükafatına və “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu - 2024” adına layiq görülüb.
2010-cu ildən etibarən fəaliyyət göstərən "Acquisition International" təşkilatının əsas məqsədi biznes və xidmət sahələrində olan yeniliklər barədə məlumatlarla müxtəlif nəşrlər və məqalələr vasitəsilə sahənin peşəkarlarını maarifləndirməkdir.