Mayın 22-də dünyasını dəyişən tanınmış tədqiqatçı alim, professor Ramiz Əsgər bu dəqiqələrdə yaşadığı binanın qarşısından dəfnə götürülür.
Bu barədə Qaziler.az-a Qarabağ qazisi Rey Kərimoğlu bildirib.
O qeyd edib ki, hazırda Ramiz Əsgərin yaşadığı evin qarşısında vida mərasimi keçirilir.
Vida mərasimində Mətbuat Şurasının sədri Rəşad Məcidin adından Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu çıxış, ailəsinə, onu sevənlərə başsağlığı verib. Mətbuat Şurasının Ahıllar Məclisinin sədri, əməkdar jurnalist Tahir Aydınoğlu mərhumla bağlı xatirələrini paylaşıb. BDU-nun rektoru Elçin Babayev də çıxış edərək Ramiz Əsgərin həm jurnalist və alim, həm də pedaqoq kimi fəaliyyətindən, gördüyü işlərdən danışıb. Vida törənində "Xalq" qəzetinin Baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşov, jurnalist Səfər Alışarlı və digərləri də çıxış ediblər.
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirən Ramiz Əskər dünən səhər saatlarında 70 yaşında vəfat edib.
Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamış və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdir.
QAZİLER.AZ