Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanın qayğısına qal” adlı layihə təqdim edilib.
Qaziler.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və b. iştirak edib.
İştirakçılar layihə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas qruplara aid şəxslərin və Mərkəzin təlimçilərinin istifadəyə yararlı olmayan məhsullardan, eko və bio materiallardan hazırladıqları 50-dək əl işindən ibarət sərgi ilə tanış olublar. Floristika, dulusçuluq, təsviri incəsənət, vitraj, bədii oyma növlərində ərsəyə gətirilmiş sənət nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri olaraq, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atıldığını qeyd edib. Həmin qruplara aid şəxslərin yaradıcı potensialının dəstəklənməsi sahəsində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qruplardan olan insanların yaradıcılıq bacarıqlarının inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Burada benefisiarlar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və s. istiqamətlər üzrə təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirirlər.
“Dünyanın qayğısına qal” adlı layihə çərçivəsində Mərkəzin benefisiarları və təlimçilərinin əl işlərindən ibarət sərgi və moda kolleksiyası, konsert proqramı nümayiş etdirilib.
Mərkəzdə təlim alan həssas qruplardan olan şəxslər, həmçinin “İnklüziv DOST” könüllüləri ilk dəfə səhnədə model kimi bacarıqlarını göstəriblər. Mərkəzin istedadlı musiqiçiləri İnklüziv Ansamblın müşayiəti ilə dünya və Azərbaycan musiqisinin sevilən nümunələrini, retro mahnıları ifa ediblər.
Qonaqlar Mərkəzin fəaliyyəti və yaradıcılıq studiyaları, təlim prosesi ilə tanış olublar.
Layihənin təşkilində məqsəd həssas əhali kateqoriyalarından olan şəxslərin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ətraf mühitin yaxşılaşdırılması prosesində iştirakını təmin etmək, onların diqqətini ekoloji məsələlərə yönəltməkdir.