Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun "Persona" verilişində səsləndirdiyi "Qadınlar kişilərdən hansı sənətdə üstündürlər? Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz, çünki yoxdur" fikirləri müzakirəyə səbəb olub. Onun sözləri xanımları narazı salıb. Müzakirələr zamanı bildirilib ki, kişilərin uğurlu olmalarının səbəbi məhz arxalarında dayanan, onlara ilham verən güclü qadınlardır.
Əməkdar artist Çingiz Əhmədov pravda.az-a açıqlamasında Ş.Məmmədyarovun fikirlərini dəstəkləyərək belə deyib:
"Qadınlara hər zaman hörmət etmişik. Mən indi də xanımımın hörmətini saxlayıram, eyni zamanda o da mənim. Xanımlar hər evdə kişinin başının tacıdır. Amma deməzdim ki, hansısa sahədə qadın güclüdür. Bəli, bütün sahələrdə kişilər öndədirlər. Hərənin öz fikri var. Qadın öz evinin yaraşığıdır. Qadınlara böyük hörmətimiz var, amma həmişə iş başında kişilər olublar. Sovet dönəmindən belə görmüşük. Təbii ki, millət vəkili qadınlarımız da olub. İndi də var. O vaxtlar Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdu. Allah rəhmət eləsin. Gözəl xanım, kişi qeyrətli idi. Xudatda kənd soveti var idi, Xumar müəllimə. Yəni belə kişi qeyrətli qadınlar da var, amma çox azdır. Buna görə də xanımlara uğurlar arzulayıram. Kişilər də həmişə qadınların başının tacı olsunlar".