Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Kələntərli kəndindən sonra hazırda Tərtər şəhərində şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.
Ə.Əliyev Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunacaq.