Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş şəhidlərdən biri də Birinci Qarabağ müharibəsində itkin düşmüş Arif Ələkbər oğlu İmaməliyevdir. Ailədə üç uşaq olan şəhidin ikisi qız, biri oğlan olmaqla elə özünün də üç övladı var. İtkin düşəndə isə böyük qızının 10 yaşı varmış.
Şəhidin xanımı Mehparə Abdulkərimova Oxu.Az-a müsahibəsində bildirir ki, həyat yoldaşı 1979-81-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə vuruşub. 1992-ci ildə isə Arif İmaməliyev Ağdam, Laçın, Ağdərə, Tovuz və başqa rayonlar istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
"Laçında qəlpə yarası alıb Bakıya göndərilmişdi, ancaq yarası sağalmadan cəbhəyə geri döndü. 1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndinin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. O vaxtdan bəri qardaşı Oktay onu çox yerdə axtardı, amma nəticə əldə edə bilmədi. Naməlum şəhid kimi Gəncədə dəfn edilmişdi. 2016-cı ildə bizdən DNT analizi götürdülər. Eyniləşdirmə prosesində məlum oldu ki, bizim şəhidimizdir".
Mehparə xanım deyir ki, yoldaşı müharibəyə gedəndə övladları azyaşlı olublar. İndi nəvələri ilə birlikdə qəbrini ziyarət edə biləcəyinə isə çox sevinir:
"Bir yandan sevinirik ki, nəşi gəlib, qəbri olacaq, məzarının üstünə gedəcəyik. O, cəbhəyə gedəndə övladları çox balaca idi, üç azyaşlı körpəsi var idi. İndi onlar böyüyüblər. Yeddi nəvəsi var. Sevinirik ki, qəbri var artıq və nəvələri, övladları məzarının üstünə gedəcəklər. Nəşin gətirilməsində kimin əməyi varsa, təşəkkür edirəm".
Şəhidin bacısı Kəmalə Mövsümova iki hissi eyni anda yaşadığını bildirib:
"Bu gün həm qürurlu, həm də kədərliyik. Sevinirik ona görə ki, ən azı, ziyarət yerimiz olacaq. Sağ olsun dövlətimiz, uzun illərdən sonra bizi qovuşdurdu".
Şəhidin böyük qızı Əsmər İmaməliyeva atası ilə bağlı xatirələrini göz yaşı içində danışır:
"Atam çox güclü idi, qəhrəman idi. Doymadım ondan. Anam evdar qadın idi, bizimlə heç yerə gedə bilmirdi. Atam bizi dənizə, kinoya aparırdı. Şirniyyat bişirilən yerin yanında laləlik var idi. Qardaşımla məni həmişə oraya aparırdı. Oradan oynayır, çoxlu güllər yığırdıq. İndi bütün o xatirələr yenidən gözümdə canlanır. Məktəbdə "şəhid balaları" deyib, nəsə bir söz soruşulanda müəllimədən icazə alıb çıxır, kənarda ağlayırdım. Hər yerdə atasızlığımız hiss olunub. Bir aydır ki, xəbər gəlib, eşidəndən içimdə qarışıq hisslər yaşayıram. Amma yenə də şükür. Bundan sonra atamın qəbri üstünə gedib onunla danışacağıq. Heç vaxt ümidimi üzmürdüm, ailə qurduğum evdə də həmişə danışırdım ki, atam sağdır, nə vaxtsa bir gün gələcək".
Şəhidin adını daşıyan nəvəsi qazi Arif İmaməliyev babasının yolunu davam etdirdiyini bildirir:
"Babamı görməmişəm, amma ailə üzvlərimin dediklərinə görə, Birinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib. Orada şəhid olub. Mən özüm də babamın yolunu davam edirəm. 2023-cü ildə antiterror tədbirlərində iştirak etmişəm. Sevinirəm ki, babamın məzarı var. Biz artıq babamın məzarını ziyarət edə biləcəyik".
Qeyd edək ki, Arif İmaməliyevin nəşinin qalıqları 30 ildən sonra Gəncədə Şəhidlər xiyabanında tapılıb. O bu gün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.