Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub - FOTO backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Ələkbərov Əliyar Ədalət oğlu Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Ədalət Ələkbərova təqdim edilib.

Şəhidin qızı Sara Ələkbərova jurnalistlərə müsahibəsində deyib: “Atam itkin düşdüyündə mənim 3 yaşım var idi. İllər ona olan həsrətimizi azaltmadı”

İtkin düşən atasının nəşinin tapılmasına görə dövlətimizin başçısına təşəkkür edən S.Ələkbərova bildirib: “Atamla hər zaman fəxr etmişik. Bundan sonra da qürurla onun məzarını ziyarət edəcəyik. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirəm”.

Qeyd edək ki, Əliyar Ələkbərov 1965-ci ildə Neftçalada anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Diaspora