Nazir Sahil Babayev Mixail Puşkinlə görüşüb - FOTO

Nazir Sahil Babayev Mixail Puşkinlə görüşüb - FOTO backend

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının layihəsi hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulub və BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının layihəsi hazırlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkinlə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar prosesində BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrası, birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə əmək və məşğulluq sahəsində innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər qeyd edilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirlərindən bəhs olunub.

Əməyin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsinə mühüm dəstək olan Əməyin Mühafizəsi Mərkəzinin, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyəti barədə məlumat verilib. Əməyin mühafizəsi üzrə milli standartların, həmçinin peşə və kvalifikasiya standartlarının hazırlanması sahəsində görülən işlər diqqətə çatdırılıb.

M.Puşkin Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluq ifadə edib. O, ölkəmizdə aparılan sosial islahatların, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımların, əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqinə nail olunmasının BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Görüşdə həyata keçirilən birgə layihələrə və BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Diaspora