Qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycan torpaqlarına müxtəlif dövrlərdə məqsədyönlü şəkildə xaricdən erməni miqrantlarının gətirilərək əraziyə yerləşdirilməsi nəticəsində süni erməni dövləti yaradıldi. Türk dünyasının parçalanmasına xidmət edən bu layihə, Azərbaycan türklərinin bir neçə dəfə etink təmizlənməyə məruz qalmasına səbəb oldu. SSRİ–nın ən ali kürsüsünə qalxmağa nail olmuş yeganə müsəlman-türk övladı olan böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin bu məqamda olması Sovetlər dönəmində ermənilərin torpaq iddialarının qarşısının alınmasına ən böyük maneə idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi.
Ulu öndər Heydər Əliyevin siyasi bürodan istefasından 2 həftə sonra Fransa qəzetlərinə müsahibə verən Abel Aqanbekyan ermənilərin torpaq iddiasını irəli sürdü. Bununla da Qarabağ münaqişəsinin alovlanmasına start verildi. Bu isə Azərbaycan torpaqlarında süni şəkildə ikinci erməni dövlətinin yaradılmasına cəhd idi. Bu cəhdin qarşısının alınmasında ən böyük fədakarlığı məhz Heydər Əliyev və onun uğurlu siyasi varisi cənab İlham Əliyev həyata keçirdi.
Hər iki liderin hadisələrə yanaşma tərzində tarixi kontekstin mühüm amil kimi keçdiyinin şahidi oluruq. Bu faktor özünü iki istiqamətdə göstərir, həm siyasi metodoloji, həm də idarəetmə məsələlərində. Əslində bu vacib siyasi amil həm də hər iki siyasi liderin peşəcə tarixçi olması ilə də bağlı idi.
Qərbi Azərbaycan siyasi düşüncəsinin förmalaşmasında birinci amilə diqqət edək. Ölkəmiz üçün ən ağır siyasi şəraitdə ikinci dəfə hakmiyyətə gələn Heydər Əliyev, Ermənistan–Azərbaycan müharibəsinin dinc yolla həll edilməsi ilə bağlı intensiv diplomatik fəaliyyət göstərdiyi vaxtda belə, tarixi amilləri önə çəkirdi.
Heydər Əliyev Qərbi Azərbaycan siyasi düşüncəsini daimi diqqət mərkəzində saxlamaqla onu konseptual tezislər şəkilində öz çıxışlarında irəli sürürdü. Doxsanıncı illərin sonunda artıq bu fəaliyyət intensiv şəkil almışdır. 1995-ci il Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ilə bağlı iclaslarda Qərbi Azərbaycan məsələsinə toxunan Heydər Əliyev həmin ərazilərin tarixi Azərbaycan torpaqları olmasını vurğulamqla gənc nəslin tarixi yaddaşını oyadırdı.
Digər bir nümunə Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda “İslam sivilizasiyası Qafqazda” Beynəl-xalq Simpoziumundakı çıxışı idi. Heydər Əliyev beynəlxalq auditoriyaya müraciət edərək Qərbi Azərbaycanla bağlı tarixi gerçəkliklərə toxunur. O, deyir: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.
Şübhəsiz ki, Heydər Əliyevin Qərbi Azərbaycan siyasi platformasının inkişafı ilə bağlı danışarkən, Azərbaycan qanunvericilik sisteminin tərkib hissəsinə çevrilmiş tarixi sərəncam və fərmanları barədə söz açmamaq mükün deyil. Sovet imperiyası tərəfindən müsəlman-türk xalqlarına qarşı yönəldilmiş deportasiya və soyqırım siyasətinin tərkib hissəsi olan Qərbi Azərbaycan türklərinin 1948-1953-cü illər tarixli deportasiyasına verilən hüquqi qiymət buna misaldır. Heydər Əliyev 18 dekabr 1997-ci il tarixində də 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Fərmanı ilə Qərbi Azərbaycana qayıdışın hüquqi təminatlarının yaradılması ilə bağlı ilk və mühüm addımı atdı. Heydər Əliyev bu fərmanla məsələyə siyasi-hüquqi qiymət verməklə eyni zamanda,bu etnik təmizləmənin öyrənilməsi məsələsini dövlət və tarixşünaslıq qarşısında ümdə vəzifə kimi qoydu.
Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları, Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi sürətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
Yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev sözügedən Fərmanda məsləyə siyasi-hüquqi qiymət versə də eyni zamanda məsələnin tarixi kontekstdə daha ciddi şəkildə öyrənilməsini vurğulayır.
Heydər Əliyev Fərmanda deyir: “Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.
Fərmanda yaradılmış dövlət komissiyası qarşısında Azərbaycan türklərinin dədə-baba yurdları olan Qərbi Azərbaycandan deportasiyasının öyrənilməsini mühüm vəzifə kimi qoyur.
Bu tarixi Fərmandan qısa müddət sonra 26 mart 1998-ci il tarixdə Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında Fərman imzalayır. Heydər Əliyev bu fərmanla Çar Rusiyasının Azərbaycan türklərinə qarşı müstəmləkəçilik siyasətini ifşa etməklə bərabər eyni zamanda, 1813-1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Qərbi Azərbaycan ərazisinə ermənilərin süni şəkildə yerləşdirlməsinin mahiyyətini açır.
Fərmanda deyilir: “İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədi ilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi”.
Fərmanda 1905-1907-ci və 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi soyqırım cinayətləri tarixi kontekstdə dəyərləndirilməklə bərabər Xocalı soyqırımını həyata keçirilməsinə toxunmaqla “Böyük Ermənistan” xəstəliyi ilə yaşayan erməni xalqının soyqırım cinayətlərinin sistematikliyini və anatomiyasını açır.
Heydər Əliyev öz çıxışlarında Zəngəzur mahalının Ermənistana verilməsinə də münasibət bildirərək deyir: “Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Meğri, Qafan rayonlarının – Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir”.
Heydər Əliyevin Nüvədi kəndi ilə bağlı çıxışıda maraq doğurur. O bildirir: “Bəli, bu həqiqətdir ki, 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının burada adı çəkilən kəndləri, 657 kvadratkilometr torpağı Ermənistana verilmişdir. Bu həqiqətdir. Ancaq, tək bu deyil. Bəhs etdiyimiz ərazi Naxçıvan Muxtar Respublikasından verilmiş ərazidir. Amma bu tərəfdən – indiki Zəngilan, Qubadlı rayonları tərəfindən də torpaqlar verilibdir. Məsələn, məlumdur ki, Meğri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Meğri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Ermənistana verilibdir”.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Qərbi Azərbaycana qayıdış siyasi platformasının uğurlu siyasi varisi İlham Əliyev tərəfindən sistematik olaraq inkişaf etdirilməklə ən yüksək səviyyəyə qaldırılmışdır. Prezident İlham Əliyev gənc nəslin düzgün tarixi şüura malik olması və əzəli torpalqarının təəssübünü çəkməsi və o torpaqlara qaydışın təmin olunması ilə bağlı üç istiqamətdə iş aparmışdır.
1) Gənc nəslin Qərbi Azərbaycanla bağlı doğru tarixi şüura malik olması.
2) Qərbi Azərbaycana qayıdışın hüquqi təminatlarının möhkəmləndirilməsi.
3) Qərbi Azərbaycana qayıdışın təmin olunması.
İlham Əliyevin çıxışlarında irəli sürdüyü tezislər zaman-zaman erməni siyasi dairələri tərəfindən siyasi möhtəkirlik mövzusuna çevrilmiş eyni zamanda təlaş və qorxu ilə qarşılanmışdır.
Gənc nəslin tarixi həqiqətləri düzgün dərk etməsi üçün İlham Əliyev öz çıxışlarında daimi Ermənistanın tarixi Azərbaycan torpaqları hesabına yaradılmasını dəfələrlə vurğulamışdır.
İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı da tarixi varislik baxımdan mühüm əhəmiyyət daşıyır. Sərəncamda deyilir: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər”.
Eyni zamanda, Sərəncamda Azərbaycan Xalq Cümhuriyyəti höküməti, ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün yaratdığı Fövqəladə İstintaq Komissiyasının işidə müsbət qiymətləndirilir. Sərəncamda Heydər Əliyevin azərbaycanlılara qarşı soyqırım cinayətlərinin törədilməsi ilə bağlı verdiyi 26 mart 1998-ci il tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti diqqətə çatdırılmışdır. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsini isə xüsusi olaraq qeyd edilmişdir.
Şübhəsiz ki, düzgün müəyyən edilmiş siyasi startegiya öz müsbət nəticəsini verməyə bilməz. Cənab İlham Əliyevin öz doğum günüdə Qərbi Azərbaycan icmasının üzvüləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər bizim Qərbi Azərbaycana qayıdışımızın təmin olunmasında ən böyük stimul və inamı yaratmışdır. Biz Qərbi Azərbaycana qayıdacağımıza inanırıq!
Leyla Calalova, Tarix üzrə fəlsəfə doktoru,
ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri
yerveinsan.az