“Yaşıl” xətt üzrə “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının “qəza-açma kranı”ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.
Qeyd edək ki, halı pisləşən gənc xanım olub. Xanıma metronun “Nizami” stansiyasında dərhal ilkin yardım göstərilib. Daha sonra xanım sərnişin yanında olan ailə üzvü ilə birlikdə yoluna davam edib.
Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, “qəza-açma kranı”nı yerinə qaytarıb və kabinəyə dönərək hərəkəti bərpa edib.
Nəticədə 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.