Redaksiyamızın poçtuna Şamaxı şəhərindən məktub daxil olub. Məktubda Şamaxı şəhərində yaşayan Hacı Ələkbər Şirvanlı adlı həmyerlimiz şəhid övladlarına həsr etdiyi şeirini göndərib.
Qaziler.az həmin şeiri təqdim edir.
ŞƏHİDİN QIZ NÜBARI
Bir şəhid körpəsi var məhəllədə,
Atam gələcəkdir, deyir, hələ də,
O, şarla oynayır, hər səhər- axşam,
Heç vaxt üzü gülməz, halı pərişan.
Bir gün, baş çəkərək qız olan evə,
Oyuncaq da aldım, bəlkə sevinə.
O körpə qızcığaz, çıxdı qarşıma,
Fırlandı elə bil, dünya daşima.
Bildim ki, şəhidin yadigaridır,
Üzünü görməmiş, ilk nübaridir.
Alib qucağıma, öpdüm üzündən,
Gördüm, qəm süzülür, məsum gözündən.
Soruşdu, əmican, sənin qizın var?
Dedim, sənin kimi nazlı quzum var.
Var qızım, əlbətdə, adı da Sona,
Canimı istəsə, verərəm ona.
De görüm, qızını çoxmu sevirsən ?
Ata qızın sevməz? Sən nə deyirsən?
Onda gəl, mənimlə, şarla oynayaq,
Yaxşı, at, əlindəki şarla oynayaq.
Dedi, başqasıyla, təkcə bunnan yox,
Bu mənə əzizdir, canımdan da çox.
Dedim, qızım, niyə qorxursan belə?
Partlayarsa əgər, alaram yenə.
Yüz belə şar olsa, yox buna əvəz,
Heç biri, bu şarın yerini verməz.
Bunu qorumaqda, bil, məqsədim var,
Bu şarda atamın, pak nəfəsi var.
Üfürüb, doldurmuş, öz nəfəsilə,
Bu şarla oynayım, mən həvəs ilə.
Ruhu şəhidlərlə birgə, cənnətdə,
Həfəsi bizimlə, dolaşir evdə.
Deyib qurtarmamiş, qız bu sözləri,
Qəhərdən boğuldu, doldu gözləri.
Əlindəki şarı, bir az qoxladi,
Basaraq bağrına, sonra yuxladı.
***
Qoy bilsin, ölkəmin hər vətəndaşı,
Necə müqəddəsdir, torpağı, daşı.
Bu cür ailələr çoxdur ölkədə,
Bir deyil, beş deyil, mindir, bəlkə də.
Başmizın tacıdır, şəhidlər əlbət,
Bunu dərk eyləyək, hamı nəhayət.
Şəhid ailəsinə hərdən baş çəkək,
Hər şəhid adına, bir ağac əkək.
Qalan körpəsinə etiram edək,
Sınıq qəlblərini, biz aram edək.
Məhv edək düşməni, baş qaldırmasın,
Körpə qizcıgazlar, yetim qalmasın.
Bir yumruq olaraq, birləşsə hamı,
Tanrı da, qoruyar, Azərbaycanı...