Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.
QAZILER.AZ Axar.az-a istinadən xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub.
Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.
O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
“Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz sizinlə fəxr edirik, qürur duyuruq”, - o deyib.
Qeyd edək ki, M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin ermənilərdən azad edilməsi əməliyyatına rəhbərlik edib. 1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.