Ümumdünya Statistika Günü ilə əlaqədar təntənəli mərasim keçirilir

Ümumdünya Statistika Günü ilə əlaqədar təntənəli mərasim keçirilir backend

20 oktyabr - Ümumdünya Statistika Günü Bakıda təntənəli surətdə qeyd olunur. Mərasimdə mərkəzi icra orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademıyasının, ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ofislərinin təmsilçiləri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov  BMT-nin Baş Assambleyasının 2015-ci il 20 oktyabr tarixini “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilməsi barədə qətnamə qəbul etdiyi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın statistika işçiləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə ölkəmizin rəsmi statistikasının 95 yaşı tamam olur.

Azərbaycanın statistika sisteminin tarixindən danışan komitə sədri qeyd edib ki, uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlayıb. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası və 40-dan çox rayon və şəhərdə statistika idarələrinin binaları məhz Ulu Öndərin hakimiyyəti dövründə tikilib.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də statistikanın inkişafı Heydər Əliyevin daim diqqətində olduğunu deyən T.Budaqov qeyd edib ki, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik Dövlət Proqramı həyata keçirilib.

“Statistikanın inkişafı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün müasir inzibati binalar inşa olunub, rəsmi statistikanın inkişafı ilə bağlı daha üç Dövlət Proqramı qəbul edilib. Bu proqramlar ölkə statistikasının yeni inkişaf mərhələsinə təkan verib. Beynəlxalq əlaqələr genişlənib, 13 ölkənin statistika оrqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb”, - deyə komitə sədri bildirib.

Sonra Ümumdünya Statistika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun “Azərbaycanda rəsmi statistika: tarixi, bu günü və inkişaf perspektivləri” adlı məruzəsi dinlənilib.

Mərasimdə “Statistika xəbərləri” elmi-praktik jurnalının təqdimatı olub.
Diaspora