Yoxlamalar rəsmən qadağan olundu - MİLLİ MƏCLİS - VİDEO

Yoxlamalar rəsmən qadağan olundu - MİLLİ MƏCLİS -  VİDEO backend

Milli Məclisin IV cağırışının bu gün keçirilən son plenar iclasında 2016-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri təsdiq edilib.

APA TV-nin məlumatına görə, parlamentin iclasında “2016-cı il üçün yaşayış minimumu haqqında” və “2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib. Parlament 2016-cı ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrini qəbul edib.

İclasda “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi səsverməyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Müzakirələrdən sonra millət vəkilləri qanun layihəsinin lehinə səs verib.

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb. Bununla bağlı “Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilib. Layihə səsə qoyularaq qəbul olunub.

"Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən əlavələrin müzakirəsi zamanı bildirilib ki, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq.

Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.

İclasda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub. Belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib: "Onsuz da bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək. Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirə olunan layihələr sırasında olub. Bildirilib ki, sənəd sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.

Vitse-spiker Ziyafət Əsgərov məsələyə belə münasibət bildirib: "Hörmətli həmkarlar, qanun layihəsi o qədər konkret, o qədər dəqiq yazılıb ki, bunu müzakirə etməyə ehtiyac yoxdur. Əgər təkid etmirsinizsə, xahiş edirəm ki, səs verək qəbul edək".

Daha sonra sənəd səsə qoyularaq qəbul olunub. Qanun layihəsi 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.



Diaspora