Kəlbəcər sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə Ucar Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, Elvin Tağızadə Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin qardaşıdır.
14:52
Şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd olunub.
Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub.