AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin “Gənc arxeoloqlar məktəbi”nin növbəti konfransı keçirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə və Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun təşkilati dəstəyi ilə baş tutan konfransın seminarlarında Azərbaycan, Rusiya, Bolqarıstan, Moldova, Serbiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa dövlətlərdən olan gənc arxeoloqların apardıqları arxeoloji tədqiqat işləri nümayiş olunub. Azərbaycanı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə və tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko təmsil ediblər.
Azərbaycan təmsilçilərinin “Arxeoturizm Azərbaycanda: arxeoloji abidələr - inkişaf və perspektivlər” adlı məruzəsi maraqla qarşılanıb. Anar Ağalarzadənin bildirdiyinə görə, bizim tədqiqat obyektimiz olaraq Qobustan qayaüstü petroqlifləri, Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü qədim yaşayış məskəni, Bakı və Abşeronun maraqlı abidəsi olan Qala tarixi-etnoqrafik qoruğu, orta əsrlər dövrünə aid Qəbələdəki Qala və Səlbir, Şəmkir və Ağsu rayonları ərazisindəki eyniadlı şəhər yerləri seçilmişdir. “Azərbaycanın bölgələrində kifayət qədər zəngin abidələrin mövcudluğu ölkəmizə gələn turistlərdə bu tipli abidələrə ekskursiyaların təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, son illərdə respublikamızda turizm sənayesinin inkişafı üçün dövlətin göstərdiyi dəstək abidələrin təbliği üçün də şərait yaratmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Göytəpə arxeoparkı”nın yaradılması və Heydər Əliyev Fondunun dəstəyilə Qala tarixi-etnoqrafik qoruğunun turizm üçün yüksək səviyyədə bərpa edilməsi, ölkəmizə gələn əcnəbi turistlərdə Azərbaycanın tarixi və onun abidələri haqqında geniş təsəvvür yaratmaq imkanlarına malik olmuşdur.Məhz bütün bunlar konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Həmçinin, konfransda qeyd olunub ki, Azərbaycan unikal tarixi əhəmiyyətə malik ölkədir. Zəngin arxeoloji abidələrinin gözəl təbiət abidələri ilə vəhdət təşkil etməsi turizmin inkişafında əhəmiyyətli rola malikdir” – deyə Anar Ağalarzadə bildirmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təmsilçiləri tərəfindən hazırlanan və Azərbaycanın arxeoloji turizm marşrutunda olan abidələri nümayiş etdirən stend Gənc arxeoloqlar məktəbinin iştirakçılarının marağına səbəb olub.
Seminarlarda Rusiya Elmlər Akademiyası və Moskva Dövlət Universitetinin tanınmış alimlərinin arxeologiya elmi üzrə nəzəri mühazirələri dinlənilmiş və bir neçə praktiki işlərin aparılması qaydaları izah edilmişdir.