Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) oktyabrın 21-də Vyanada keçiriləcək iclasında və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransında iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, iclasda müzakirə olunacaq məsələlər Azərbaycan üçün o qədər də vacib deyil.“OPEC neft hasilatının azaldılmasına bir neçə dəfə baxıb və bu məsələ çox vacibdir. Lakin Səudiyyə Ərəbistanı başda olmaqla OPEC ölkələri heç vaxt buna getməyiblər. Şübhəsiz ki, əgər vaxtında belə bir qərar qəbul olunsa, neftin hasilatı aşağı salınsa və gündəlik 1-2 milyon barrel nəzərdə tutulsa idi o zaman dünya bazarında neftin qiyməti də bahalaşardı. Bu, Azərbaycan üçün də əlverişli olardı”, – deyə N.Əliyev qeyd edib.
O bildirib ki, qeyri-OPEC ölkələri də bunun üçün müəyyən səylər göstəriblər. Bir neçə görüşlər keçirilib və qeyri-OPEC ölkələri birgə neft hasilatının azaldılması ilə bağlı qərar qəbul etmək istəyiblər. Hətta bir il öncə Azərbaycana da belə bir təklif olub. O zaman bildirildi ki, əgər başqa ölkələr və şirkətlər belə qərar qəbul etsələr Azərbaycan ola bilsin ki öz neft hasilatını azaltsın. Ancaq Azərbaycanda hasil olunan neftin hamısı yalnız dövlətin deyil və konsorsiuma aiddir. Ona görə bununla əlaqədar qərarı yalnız dövlət və ya hökumət qəbul edə bilməz.
Xatırladaq ki, OPEC üzvü olmayan səkkiz - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr oktyabrın 21-də Vyanada keçiriləcək təşkilatın və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransına dəvət olunublar.