VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb backend

Bakı Konqres Mərkəzində mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yekunlaşıb.

"Report"un məlumatına görə, bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, forumda bir çox məsələlərə toxunulub, gəncliyi və gələcəyi maraqlandıran problemlər müzakirə edilib.

Nazir forum çərçivəsində COP29 və digər beynəlxalq tədbirlərə mesajlar ötürüldüyünə diqqət çəkib: "Mədəniyyət bəşəriyyət həyatında önəmli rola malikdir. Mədəniyyət iqlim problemlərinin aradan qaldırılmasına, gələcək nəsillər üçün daha dayanıqlı mühitin qurulmasına dəstək ola bilər".

Qeyd edək ki, 100-dən çox ölkənin təmsilçisinin qatıldığı forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib. Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar Azərbaycanın 30 illik işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədilə mayın 3-də Şuşa və Ağdama səfər edəcəklər. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən tədbiri mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu çox mühüm beynəlxalq platforma kimi qiymətləndirib: “Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?”.

Diaspora