"Neçə gündür Ağdam cümə məscidinin bərpadan sonra ilk dəfə azan verildiyi anın videosu yayılır. Bütün sosial şəbəkələrdə yayıldı bu video. Mən də paylaşıb nəisə yazmaq istədim. Amma sevincimi, halımı dəqiq ifadə edəcək sözləri ard-arda tapıb yaza bilmədim. Yazdım, sildim, yazdım sildim... Nəhayət, bu gün bunları yazmaq qərarına gəldim".
Qaziler.az bildirir ki, bu fikirlər Qarabağ qazisi, "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğluna məxsusdur. O, ötən gün açılışı olan Ağdam cümə məscidi ilə bağlı təəssüratlarını feysbuk səhifəsində paylaşıb.
"Ağdam cümə məscidi (Biz ağdamlıların çoxu məscidə meçit deyirdik) bir müsəlman olaraq bütün Azərbayacan üçün müqəddəsdir, əsasdır. Amma Ağdamlılar üçün dediyimlə yanaşı, bir başqa məqamı da var. Bu məscid sovet dövründə də (qısa dayanmaları nəzərə almasaq) fəaliyyət göstərib. Biz uşaq vaxtından məscidi müqəddəs bilmişik. Böyüklərimiz əlimizdən tutub bizi məscidə gətirib. Allahımızı, peyğəmbərimizi, imamlarımızı tanıdıblar. Bütün ağdamlılar üçün məscidimiz and yeri idi. Ziyalısı da, fəhləsi də, qulluqçusu də, çobanı da, sənətkarı da, doğrusu da, oğrusu da, avtoriteti də, bir sözlə hər bir ağdamlı buranı and yeri bilmişdi. Hamı məscidin qarşısıdan keçəndə özünü yığışdırırdı. Özünə, əyin-başına düzən verirdi. Dəfələrlə görmüşəm, içikili adam da məscidin qarşısından keçəndə özünü yığışdırıb "Allah, keç günahımdan!" deyib gedərdi.
Digər çox mühüm məqam Ağdam cümə məscidi Ağdam və xocalılar başda olmaqla yüzlərlə şəhidin yuyulub, kəfənlənib dəfnə yola salınan yeganə yeri olub. 1988-ci ildən ta 1993-cü ilin iyulun 23-nədək Ağdam ermənilər (Oxu: ruslar) tərəfindən işğal olunana qədər Qarabağın əksər şəhidləri də burda kəfənlənib. Çox güman ki, 1918 ci ildə Qarabağ döyüşlərində şəhid olan insanlarımızın da bir qismi burada yuyulub kəfənlənib. Yəni deməyim odur ki, Ağdam məscidi təkcə Allahın evi olduğuna görə müqəddəs deyil, ağdamlılara, həm də şəhidlərimizin qanı yuyulan, müsəlman qaydasında kəfənlənən bir yer idi! Bütün şəhidlərimizin ruhu şad olsun!
P.S.: 2021-ci ilin yazında Prezidentimizin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə böyük bir heyətin tərkibində Ağdama gedəndə nələr yaşadım bir Allah bilir, bir də özüm. Getdiyimiz avtobusda hamı gözlərini xaraba qalmış Ağdamın kəndlərinə dikib, döyüküb məndən də soruşurdular "bura haradı? Ağdam hanı?". Bildiyimi deyirdim, amma Ağdamı tanıya bilmirdim. Uzaqdan məscidimizin minarəsi görünəndə əvvəlcə astadan, sonra möhkəmdən dedim: - O deyyy...meçit! Kövrəldim, ağladım o zaman. Vallah! Meçit haqqı!"
QAZİLER.AZ