Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb.
Yeniyetmənin atası Sahib Quliyev Oxu.Az-a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:
“Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kimi gəlmişəm. Oğlum və onunla bir məktəbdə oxuyan başqa bir oğlan eyni qızı seviblər. Bir ay oğlumu incidiblər. Daha sonra həmin oğlan bir qrup digər məktəbliləri də götürərək oğlumu söhbət etməyə çağırıb. Mənim oğlum da tək gedib. Həmin uşaqlar oğlumu döyüblər, söyüşlərlə təhqir ediblər. Sonra gözdən salmaq məqsədilə şəkillərini çəkib, video çəkiblər. Məktəbdə həmin videonu yayıblar, hər kəsə, eləcə də qıza göstəriblər”.
Sahib Quliyevin sözlərinə görə, oğlu bu barədə heç kəsə heç nə deməyib, özünə qapanıb və axşam saatlarında ağacdan özünü asıb:
“Anası axşam çölə çıxanda görüb ki, ağacdan özünü asıb. Bir aydan sonra 16 yaşı olacaqdı. Mənim oğlum sakit, tərbiyəli, savadlı uşaq idi. İstəyirəm onu intihar həddinə çatdıranlar cəzalandırılsınlar. Qanı yerdə qalmasın”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.