Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib.
Qaziler.az xəbər verir ki, tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib.
Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd “Şahinlər” hərbi-idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif edilməsi olub. Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub. Ona bu bacarığına görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib.
Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, görüş zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.