Allahverdi Bağırov əsl türk kişisi, şəxsiyyət idi - Qarabağ qazisi

 Allahverdi Bağırov əsl türk kişisi, şəxsiyyət idi -  Qarabağ qazisi backend

Allahverdi Bağrov Azərbaycanın gerçək, həqiqi milli qəhrəmanlarından biridir.

Bu sözləri bu gün ad günü olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov haqda danışan Qarabağ qazisi Rey Kərimoğlu Qaziler.az-a deyib.

Rey Kərimoğlu  Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı batalyonda döyüşsə də ağdamlı olaraq Allahverdi Bağırovu da tanıyıb. 

Qarabağ qazisi A. Bağırovla bağlı dediklərindən: 

"Allahverdi Bağrovun digər komandirlərdən fərqi ondan ibarət idi ki, o, müharibəyə qədər artıq kifayət qədər hörmət qazanmış, tanınmış şəxs idi. O, "Fred Asif", Qubadlıda Əliyar Əliyev müharibədən əvvəl artıq böyük hörmət qazanmış adamlar idi.

Allahverdi Bağırov haqqında qeyd etmək istədiyim özəlliklərindən biri budur.

İkincisi, müharibə zamanı Ağdam, Ağdərə, Xankəndi, Xocavənddə yaşayan azərbaycanlılara yardımların çatdırılması, onların müdafiəsi istiqamətində də o, əlindən gələni etdi. 

Qardaşı Eldar Bağırov 1991-ci il oktyarın 30-da Bakıda öldürüldükdən sonra o, AXC-nin Ağdam şöbəsinin rəhbəri oldu.

Allahverdi Bağırov sonra 845 saylı batalyonu yaratdı və ölənə qədər bu batalyona komandirlik elədi.

O, təkcə Xocalıda 1003 nəfəri əsirlikdən azad edib. Ondan başqa yüzlərlə insanı əsirlikdən qurtarıb. Bizdə o sayla bağlı dəqiq məlumat yoxdur. Təsəvvür edin ki, insanlar özləri deməsə biz onu bilmirik. Görürsən, Qarabağın kəndlərindən olan insanlar söhbət zamanı deyir ki, bizi o vaxt Allahverdi azad elədi. Və yaxud da digər yerlərdə döyüşmüş, yaralanıb əsir düşmüş hərbçilərimiz var ki, onların da azad edilməsində Allahverdinin rolu böyük olub. Yəni onun xidmətləri danılmazdır.

Qorxmaz, cəsur, mərd, xarizmatik şəxsiyyət, lider idi Allahverdi Bağırov. Mən onu şəxsən lap gənc yaşlarımdan, hələ müharibə başlamamışdan əvvəl tanıyırdım. Tanınmış, hörmətli, eyni zamanda zəhmli şəxs idi. Kimsə bir neçə il əvvəl onun gülümsəyən yerdə şəklin tapıb paylaşmışdı. Hamıya təcüblü gəlmişdi ki, Allahverdi Bağırov gülür. Amma mən onu gülən görməmişdim. Belə deyək də, Allahverdi Bağırov əsl türk kişisi, şəxsiyyət idi. Üz-gözündən mərdlik yağırdı. Qarabağ müharibəsində çox böyük işlər gördü. 

ALLAH RUHUNU ŞAD ELƏSİN!

 

Diaspora