İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 376-cı maddəsində “qanunsuz” sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud” sözləri əlavə edilir.
Dəyişiklikdən sonra inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.