İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə rəis təyin olunan Ələkbər Comərd oğlu Məmmədov indiyə qədər DVX-nin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Vətəninfo.az xəbər verir ki, bundan əvvəl isə 2011-2019-cu illər ərzində beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Vergilər Nazirliyindən öncə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbəri, “Azərinvest” Maliyyə-Sənaye Qrupunun sədri, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi – Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsinin rəisi, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru, “Azərqarant” Qapalı Səhmdar Sığorta şirkətinin sədri, “Azərnəqliyyatbank” Açıq Səhmdar Bankının Müşahidə Şurasının sədri vəzifələrində də fəaliyyət göstərib.
Ə.Məmmədov 2022-ci ildə Azərbaycan Prezidentinin 3145 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xidmətlərinə görə” “Tərəqqi”, 2015-ci ildə Prezidentin 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
150-dən çox elmi məqalələrin, metodik göstərişlərin, sahibkarlığın müxtəlif sahələrini əhatə edən elmi-tədqiqat işlərinin, kitabların müəllifi olan hüquq üzrə elmlər doktoru, professor Ə.Məmmədov Azərbaycan, ingilis, türk, alman və rus dillərini də bilir.
Xüsusi rütbəsi Baş vergi xidməti müşaviridir.
report.az