Qarabağ müharibəsində aldığı travma nəticəsində qulaqlarında ciddi problem yaranan üçüncü qrup əlilliyi olan şəxsin eşitmə aparatı ilə tam təminatı həyata keçirilmir.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir sakini 59 yaşlı Nəcəfəli Sadıqov eşitmə aparatı ilə təmin olunsa da, onun işlək vəziyyətə gətirilməsi üçün üç aydan çoxdur gözləmək məcburiyyətində qalıb.
N.Sadıqov hər iki ildən bir dövlət tərəfindən eşitmə aparatı ilə təmin edilib. 2023-cü ilin dekabrında da Əlilliyi olan şəxslərin bərpa mərkəzinə müraciət edərək yeni aparat alıb. Oradan Nəcəfəli Sadıqova bildirilib ki, aparatı işlək vəziyyətə gətirmək üçün paytaxtdakı eşitmə və nitq mərkəzinə getməlidir.
Mərkəzdə deyilib ki, hazırda aparatı işlək vəziyyətə gətirmək mümkün deyil. Özləri çağıranda yenidən Bakıya gələrək məsələni həll edə bilər. Bu ilin əvvəlində isə Nəcəfəli Sadıqov mərkəzə dəvət edilib.
Üç ay keçməsinə baxmayaraq, hələ də qəlib hazır olmayıb. Nəcəfəli Sadıqov aparat olmadan eşitməkdə çətinlik çəkdiyini deyir.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, yaranan problem onlarla bağlı deyil. Qulaq üçün eşitmə aparatı vətəndaşa verilib və onun quraşdırılmasını şirkət həyata keçirir. Bununla belə, bu məsələdə həmin şəxsə köməklik göstəriləcək. Sözügədən eşitmə və nitq mərkəzindən də məsələyə münasibət öyrəndik. Bildirildi ki, növbə çox olduğundan vətəndaşın məsələsi bu qədər vaxt alıb. Yaxın zamanlarda Nəcəfəli Sadıqovun problemi həllini tapacaq.
Ətraflı süjetdə: