Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.