Bir neçə gün öncə məcburi köçkün ailəyə bir tikinti şirkəti sahibi tərəfindən olmazın zülmlərin edilməsi, dələduzluq yoluyla evlərinin əlindən alınması, hansısa gözə dörünməz qüvvələrin bütün aidiyyəti qurumlara təsiri nəticəsində hüquqlarını qoruya bilməməsi barədə geniş yazı yayımlamışdıq.
Yazıda qeyd olunurdu ki, Zəngilanda ermənilər tərəfindən evləri yağmalanan ailənin Bakıda məskunlaşdığı yurd-yuvanı "Kapitol" şirkətinin rəhbəri Abbas Səfərov yerlə yeksan edib (Məsələ barədə Qaziler.az saytında AzNews.az-ın araşdırmasını BURADAN oxuyun).Yazı tirajlanandan sonra 10 ildir bir ailəni küçələrdə qoyan, onların müraciət etdiyi instansiyaları hansısa üsullarla ram etməyi bacaran şirkət rəhbərinin kimliyi barədə ilginc məlumat əldə edilib. AzPolitika.info saytının araşdırması nəticəsində məlum olub ki, Abbas Səfərov deputat Eldar Quliyevin kürəkənidir, məhz onun sayəsində bu ədalətsizliyə və qanunsuzluğa yol verə bilir. Sayt iddia edir ki, o, qayınatasının hesabına qanunlara qarşı “toxunulmazlıq” əldə edə bilib. Məlumata görə Abbas Səfərovun Eldar Quliyevin qızı ilə izdivacı onun ikinci evliliyidir.
İstisna deyil ki, “Kapitol” tikinti şirkətinin əsl sahibi elə Eldar Quliyevdir.
Qeyd edək ki, millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev 28 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəddir.