Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən BAMF-in prezidenti Umud Mirzəyev Ermənistanın işğalçılıq və terror siyasəti nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə ekoloji duruma dəyən ziyandan danışıb. Bildirib ki, Azərbaycanın nəinki işğal edilmiş, eləcə də işğal altında olmayan, keçmiş cəbhəyanı əraziləri də Ermənistanın ekoloji terrorunun qurbanına çevrilib. Tarixi Sultanbud meşəsinin də təbii landşaftı və ağacları Qarabağ müharibəsinin təsiri nəticəsində məhv edilib. Bugünkü ağacəkmə aksiyası dünyada minalarla mübarizə proqramlarına, tarixi Sultanbud meşəsinin bərpasına, eləcə də Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə məqsədi daşıyır.
Aksiya zamanı Sultanbud meşəsinin Tərtər rayonu Buruc kəndi ilə Xoruzlu kənd arasındakı əraziyə 3300 ədəd ağac əkilib.