Xəbər verildiyi kimi, martın 31-də Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib.
Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Qarabağ qazisi Rey Kərimoğlu da iştirak edib və oradan çəkdiyi videogörüntüləri feysbuk sosial şəbəkəsində paylaşıb.
Hadisədən çox təsirləndiyini deyən R.Kərimoğlu Qaziler.az-a bunları bildirib:
"Dəhşət idi. Fəryad edən insanları orada gördüm...Mənə çox pis təsir etdi. O zaman uşaq, indi böyük olan "uşaqları" gördüm. Bəlkə də o vaxt onları Xocalıdan biz çıxartmışıq...
Dünən mən orda 5-6 dəfə ağladım. O qədər təsirlənmişdim ki, vəhşiliyə qarşı hayqırmaq istəyirdim, elə bil ürəyim dayanacaqdı. Qəbirstanlıqda gəzdim. qəbirlərin arasında keçdim, bir neçə dəfə uca səslə onlardan üzr istədim. Bütün xocalılardan...(səsi qırılır- red.) O gecə orda qalıb həlak olan xocalılardan...Yox, onlarınkı sadəcə həlak olmaq deyildi o. Zülmlə, məşəqqətlə, işgəncə ilə, vəhşiliklə öldürülənlərdən üzr istədim. Şəxsən öz adıma. DEDİM, BİZİ BAĞIŞLAYIN!"
Rey Kərimoğlu dərin təəssüf qarışıq səslə, doluxsunmuş: "Həmin faciəli qış gecəsində Qaraqayadan xocalıların bir qismini çıxartdıq, amma qalanlar oldu. Gücümüz çatmadı onları vaxtında xilas edək...", - dedi.
"Dünən yaşadıqlarım dəhşətli hisslər idi. Sözlə ifadə edilməyəcək qədər dəhşətli...", - belə dedi Qarabağ qazisi.
QAZİLER,AZ