Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Qaziler.az xəbər verir ki, DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.
DOST mərkəzlərində ötən dövrdə 2,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Nazirliyin 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı da qeyd olunub.
Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb. Bir sıra ölkələrin, o cümlədən Rumıniyanın da DOST modelinin tətbiqinə maraq göstərdikləri diqqətə çatdırılıb.
Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub.
DOST Agentliyində qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.
Qeyd edək ki, bu gün Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası olub, yeni əməkdaşlıq sənədləri imzalanıb.