ABŞ-ın Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında "Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?" sərlövhəli məqalə dərc edilib.
QAZILER.AZ Publika.az-a istinadən xəbər verir ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələri reytinqində 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı vurğulanıb.
Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.
Məqalədə həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.
Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb