Təklif edilir ki, şəhid ailə üzvləri deyil, yalnız şəhid övladı özəl ümumtəhsil müəssisəsində oxumaq istəsə, bu, dövlət hesabına qarşılansın və bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilsin.
Apa-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu təklifə baxıla bilər: “Bu təklif komitə iclasında da qaldırılmışdı”.
Deputat Musa Quliyev isə şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 23 yaş məhdudiyyətinin aradan qaldırılmasını təklif edib: “Müharibə veteranları istədiyi vaxt təhsil ala bilir. Amma şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu imkan yoxdur. Onlar yalnız 23 yaşa qədər dövlət hesabına təhsil ala bilirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır”.