Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüş olub.
Qaziler.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliklə BMT İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizdə aparılan sosial islahatlar, DOST Konsepsiyası barədə məlumat verilib.
Bu islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü bildirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
BMT İnkişaf Proqramı ilə ötən dövrdə icra olunan “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” və s. kimi birgə layihələrin əlilliyi olan şəxslər və digər həssas qrupların sosial dəstəklə əhatə olunması, onların məşğulluğunun və özünüməşğulluğunun dəstəklənməsində əhəmiyyəti qeyd olunub.
A.Rokkasalvo həssas qrupların sosial müdafiəsi, onların əmək bazarına, habelə kiçik biznesə çıxış imkanlarının artırılması işlərində birgə fəaliyyət təcrübəsindən məmnunluğunu ifadə edib.
Görüşdə qeyd edilən layihələrin nəticələrinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.